top of page

Altı qurumdan büdcəyə qayıdan vəsait – İNFOQRAFİKA

Hesablama Palatası 2 il üzrə apardığı monitorinqin nəticələrini açıqlayıb. Nəticələr 2015-ci və 2016-cı illər üzrə büdcənin xərclənməsinin auditləridir. Aparılan auditdə  dövlət büdcəsinə bərpa olunan vəsaitlər əksini tapıb. Bərpa olunan vəsait –  yoxlama nəticəsində üzə çıxan nöqsanların aradan qaldırılması məqsədilə büdcəyə geri ödənən məbləğdir. Bu dəfə iri dövlət şirkətləri və universitetlərin - “Azərenerji”ASC, “Azərbaycan Hava Yolları” QSC (AZAL), Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, AMEA-nın Neft-Kimya İnstitutu, Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU), Bakı Dövlət Universiteti (BDU), Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarəedilməsi üzrə Dövlət Xidmətinin nəticələrini araşdırdıq.

Büdcəni “udan” şirkətlər

İri vergi ödəyicilərindən olan “Azərenerji” ASC və “Azərbaycan Hava Yolları” QSC-yə hər il büdcədən vəsait ayrılır. Büdcə məlumatları ilə bağlı şəffaflıq tam təmin olunmadığı üçün qurumlara ayrılan maliyyəni qismən əldə etmək olur. Həmin qıt məlumatlara görə, 2015-ci ildə “Azərenerji”yə 10 milyon manat, AZAL-a isə 140 milyon manat vəsait ayrılıb. Ayırmaların fonunda hər iki qurumda büdcə vəsaitindən səmərəli istifadə olunmayıb. Palatanın “Azərenerji” ASC üzrə büdcəyə bərpa etdiyi vəsait 1 milyon 451 min manat, AZAL-dan bərpa olunan vəsait isə 80 min 300 manat olub.

“Azərenerji” ilə bağlı mətbuatda “Anonymus” haker qrupunun paylaşdığı məlumat yer alıb (https://goo.gl/pssHzQ). Qrupun informasiyasında “Azərenerji”nin yüksək çinli məmurlarından birinin Dubaya ezamiyyə xərcləri açıqlanıb. Bu xərc 35 min manat tutub.

 

Belə ki, “Jumeirah Dubay” hotelində qalma xərci 327 dollara başa gəlib;

- “Salmontini Dubai – Restaurant” restoranında şam yeməyi 1 127 dollar;

- “Bürc Xəlifə”dəki ticarət mərkəzinin lüks saunasında bir günlük istirahət 487 dollar;

- “Louis VUITTON”, “İF boutique”, “Harvey NİCHOLS”, “FALCON Gallery”, “HOME CENTRE” və digər mağazalardan alış-verişinə 20 000 dollar;

- Biznes-klass sinfindən olan avtomobilin icarəsinə isə 780 dollar xərc çəkilib. “Anonymus” məmurun adını açıqlamayıb, “Azərenerji” də buna münasibət bildirmədi.

AZAL-la bağlı həm beynəlxalq, həm  də yerli mətbuatda müxtəlif araşdırmalar gedib. Onlardan biri “Azadlıq” Radiosunun saytında dərc olunub (https://goo.gl/bZKn3e). Materialda deyilir ki, manatın ucuzlaşması 2015-ci ildə AZAL-a 9 milyon 356 min dollar gəlir qazandırıb. Elə bu səbəbdən də şirkət 8 milyon dollarlıq əməliyyat zərərindən qurtula bilib. Şirkət 2014-cü ildə 1,6 milyon manat, 2015-ci ildə isə 1 milyon 237 min dollar xalis mənfəət götürüb. Maraqlıdır ki, 2011-2015-ci illərdə AZAL təsərrüfat fəaliyyətini daim zərərlə başa vurub və mənbəyi açıqlanmayan «digər gəlirlər» (2011-ci il – 14,5 milyon, 2012 – 16,2 milyon, 2013 – 20,1 milyon, 2014 – 6 milyon manat və 2015 – 250 min dollar) hesabına ili mənfəətlə başa vura bilib.

Qəbulu az olub büdcəsi çox olan SDU

AZAL-la Sumqayıt Dövlət Universiteti (SDU) müqayisəyə gəlməsə də təhsil ocağından büdcəyə bərpa olunan vəsait yaxındı – 55 min 500 manat. Bu vəsaitlə SDU Azərbaycan Texniki Universitetini (ATU) qabaqlayır. İkincidən bərpa olunan məbləğ 44 min 900 manatdır. SDU respublikanın 3-cü böyük şəhəri olan Sumqayıtda yerləşir. İl üzrə qəbul planı 1800 nəfərdir. ATU paytaxta yerləşir və 9 fakültə üzrə qəbul planı 2135 nəfərdir. Mərkəzdə yerləşən digər iki universitet Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetindən büdcəyə bərpa olunan məbləğ çox yaxındı - 14 min manat ADİU-dan, 13 min 900 manat isə BDU-dan.  Ölkənin ən böyük universitetlərindən olan BDU-nun qəbul planı 4 154, ADİU-dan isə 2773 nəfərdir.

Kəndə çatmayan layihə 2015-ci il ölkə başçısının qərarı ilə Kənd Təsərrüfatı İli elan olunub. Hesablama Palatasının açıqladığı məlumat  Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarəedilməsi üzrə Dövlət Xidmətindən də yan keçməyib. Xidmətdən büdcəyə bərpa olunan məbləğ 1 400 manatdır. Kənd təsərrüfatı ilində 1 hektarlıq sahədə yoncanın biçilməsi 50 manata, pambığın yığılması isə 100 manat olub. Taxılın biçilməsi isə 30 manat olub .  (http://www.agro.gov.az/tariflr)

Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi hesabatından sonra hər hansı cəza tədbirlərinin olması ilə bağlı məlumat verilmir.

bottom of page